22:50, 07 dekabr 2024
Uşağın sağlamlığı

Uşaqlarda helmintozlar (qurd xəstəlikləri)

 

Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər.

Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.

Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir.

Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar.

Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.


 

Lyamblioz

Uşağın lyambliozla yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su, natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər.  Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərin əmələ gəlməsinə səbəb olur.

Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki, bu da uşağın bu xəstəlikdən tam şəkildə sağalmasına səbəb olar. Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır. Bu zaman müayinə üçün yalnız təzə (defekasiya aktından 2 saatdan artıq müddət keçməməklə) nəcis götürülməlidir.


 

Bizquyruq

Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər.

Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.

Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.

Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.

Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır.

Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.


 

Askarida

Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint). Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur.

Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir.

Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır.

Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.

Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.

Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır.

Uşaqların it və pişik askaridaları yumurtaları ilə yoluxması daha təhlükəli hesab edilir. Torpaq və qumda oynayan zaman uşaqlar bu qurd yumurtalarını uda bilərlər. İnsan askaridasından fərqli olaraq heyvan askaridaları qan dövranı ilə bütün orqanizmə yayılaraq müxtəlif orqanlarda (gözlərdə, beyində, ağciyərlərdə) yaşaya bilərlər. Askaridalar öz ifrazatları ilə uşaq orqanizmini zəhərləyərək onlarda ağciyərlərin və dərinin ağır allergik reaksiyalarına səbəb ola bilərlər. Bu askaridaların müalicəsi stasionar (xəstəxana) şəraitində aparılır. Müalicə uzunmüddətli olub, sağalma çətinliklə əldə edilir.

Tükbaş qurd

Tükbaş qurd - trixosefalez xəstəliyini törədir. Bu qurdun uzunluğu 3-5 sm-ə çatır. Əksər hallarda bu qurd kor bağırsaqda və appendiksda yaşayır. O, bağırsaq divarını deşərək qan ilə qidalanır, bağırsağın iltihabına səbəb olur. Bu qurdlar 5-6 il ömür sürürlər. Tükbaş qurd ilə yoluxma zamanı uşaqların əsas şikayəti qarının sağ tərəfində tutmaşəkilli ağrılar, ürəkbulanma və qusmadan olur. Onlarda ishal və ya qəbizlik, axşam yatarkən ağızdan tüpürcək axması, narahat yuxu, oyanıqlıq, qanazlığı və qandakı müxtəlif dəyişikliklər də təsadüf edilir.

Diaqnoz uşağın nəcisinin müayinəsi aparılmaqla təstiq edilir.

Aparılan müalicədən sonra tam sağalma qeyd edilir.

Bütün bağırsaq parazitləri (qurdları) ilə yoluxmanın profilaktikası sanitar-gigiyenik normalara riayət edilməsindən, qəbul edilməsindən qabaq bütün meyvə və tərəvəzlərin axar su altında yaxşı-yaxşı yuyulmasından ibarətdir.

Trixinella

Bu xırda qurdla yoluxma yaxşı bişirilməmiş və ya qızardılmamış ət yeyilməsi nəticəsində baş verir. Trixinella insanın əzələlərində (xüsusən, diafraqma, qırtlaq, dil, göz, qabırğaarası əzələlərdə) yaşayır.

Xəstəlik qızdırma, əzələ ağrıları, mədə-bağırsaq pozğunluqları, üzün (xüsusən göz qapaqlarının) şişkin olması əlamətləri ilə müşayiət edilir. Bu qurd insan orqanizmini zəhərləyərək miokardit, ağciyərlərin, böyrəklərin iltihabı və s. kimi ağır patoloji hallara səbəb ola bilər.

Xəstəliyin tam müalicəsinə nail olmaq çətin olur. Müalicə xəstəxana şəraitində aparılır.

Bu qurd ilə yoluxmanın qarşısını almaq üçün aldığınız ətin sanitar nəzarətindən keçməsinə diqqət yetirmək, ətin yaxşı-yaxşı bişirilməsinə və ya qızardılmasına çalışmaq, heç bir halda uşağınızın çiy və ya yarıçiy ət məhsulları yeməsinə icazə verməmək lazımdır.

Ankilostomidoz və strongilondoz

Bu qurdlar nazik və onikibarmaq bağırsaqlarda parazitlik edirlər. Parazit yumurtaları insan bədəninə ya dəri vasitəsi ilə, ya da çirkli su içməklə, yaxşı yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsi yolu ilə daxil olurlar. Bu helmintlər öz sahibinin qanı ilə qidalanaraq qanazlığına, bir sıra mədə-bağırsaq pozğunluqlarına (qəbizlik, ishal, qusma, ağız suyu ifrazı, qarında köp və ağrı) səbəb olurlar.

Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.

Xəstəliyin müalicəsi mürəkkəb olub müvafiq ixtisaslı həkim tərəfindən xəstəxana şəraitində olmaqla aparılır. Müalicədən sonra tam şəkilli sağalma baş verir.

Xəstəliyə yoluxmaması üçün uşağınıza torpaq üzərində ayaqyalın gəzməsinə və ya nəm torpaqda uzanmasına, qaynanmamış su içməsinə icazə verməməyiniz, onun yediyi meyvə-tərəvəzləri yaxşı-yaxşı yumağınız məsləhət görülür.

Öküz solütörü

Öküz solütörü ilə yoluxma mal əti yeyilməsində baş verir. Bu, insanlarda parazitlik edən ən iri helmint sayılır. Onun uzunluğu 5-10 metrədək çata bilir. Yoluxmuş orqanizmdə qidanın bağırsaqda həzm edilməsi pozulur, xəstələrdə ürəkbulanma, qusma, qarında ağrı, qaz olması, qəbizliyə meyllilik, baş gicəllənməsi, sinir oyanıqlığı, artmış iştahanın olması fonunda arıqlama müşayiət edilir.

Xəstəliyin diaqnozu nəcisin müayinəsi zamanı qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur.

Müalicə müvafiq ixtisaslı həkim-helmintoloq tərəfindən aparılır və tam sağalma ilə nəticələnir.

Bu xəstəliyə yoluxmamağın profilaktikası əsasən çiy (çəkilmış ət), yaxşı bişirilməmiş və ya qızardılmamış ət yeyilməməsindən ibarətdir. Heç zaman uşaqlarınıza çəkilmiş çiy ət yeməyə və ya dadına baxmağa imkan verməyin!

Donuz solütörü

Donuz solütörünün uzunluğu bir neçə metrə çata bilir. Əsasən nazik bağırsaqlarda, əzələlərdə və digər orqanlarda parazitlik edərək orqanizmi zəhərləyir.

Xəstəliyin diaqnozu nəcisin və anus ətrafındakı büküşlərdən götürülmüş yaxmanın müayinəsi nəticəsində qoyulur. Yoluxmuş orqanizmin müalicəsi uzun müddət aparılır. Tam müalicəyə nail olmaq çox çətin olur və bəzən cərrahi müdaxilə də tələb olunur.


 

Exinokok

Bu helmint insanın qaraciyəri və digər orqan və toxumalarını zədələyir. Exinokok bir kameralı qovuq şəklində olub ölçüləri diametrinə görə bir neçə mm-dən 15-20 sm-dək çata bilər. Qovuq əksər hallarda qara ciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür.

İnsanın yoluxması əsasən, tüklərində bu parazitin yumurtaları olan itlərlə ünsiyyət nəticəsində baş verə bilər.

İri qurdlar orqanları sıxaraq, yerini dəyişdirərək onların funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilərlər. Qaraciyərin zədələnməsi nəticəsində sağ qabırğa altında ağrılar olur, qaraciyərin ölçüləri böyüyür, onun səthi nahamar olur, bəzən qızdırma, sarılıq,  hətta assit (qaraciyər damarlarının sıxılması nəticəsində qarın boşluğunda mayenin yığılması) əmələ gəlir.

Ağciyərlərin bu qurdla zədələnməsi zamanı xəstədə quru öskürək, təngnəfəslik, qanlı bəlğəm ifrazı baş verir. Xəstəlik illərlə davam edə bilər. Bu zaman xəstələrin vəziyyəti tədricən ağırlaşmış olur.

Xəstəliyin diaqnozu USM (ultrasəs müayinəsi), rentgenoloji və laborator müayinə nəticəsində qoyulur.

Bu ağır xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstəliyin profilaktikası itlərə qulluq zamanı tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir. Həmçinin, heç bir halda uşaqların həyət itləri ilə ünsiyyətdə olmasına da imkan verməyin.

Enli lentşəkilli qurd

Bu növ qurdla yoluxma əsasən yaxşı bişirilməmiş və qızardılmamış balıqların yeyilməsi nəticəsində baş verir. Bu qurdun uzunluğu 8-10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır.

Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur.

Müalicə müvafiq ixtisaslı həkim tərəfindən aparılır ki, bu da tam şəkilli sağalma ilə nəticələnir.

Xəstəliyin profilaktikası əsasən, çiy, yaxşı bişirilməmiş və qızardılmamış, hisə və buxara yaxşı verilməmiş balıqların və pis duzlanmış kürünün qəbul edilməməsindən ibarətdir.

Lentşəkilli cırtdan qurd

Bu qurdun uzunluğu 1,5-3 sm olur. Natəmiz əllər vasitəsi ilə təkrar özünü yoluxdurmalar baş verdiyi üçün qurd uzun müddət insan orqanizmindən tam şəkildə yox olmur. Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların da əmələ gəlməsinə səbəb olur. Uşaq orqanizmində yüzlərlə belə helmintlərin yaşaması onun orqanizmi üçün ağır və təhlükəlı xəstəliyə çevrilə bilər. Belə uşaqlar arıqlayır, əzgin, solğun görünürlər. Onlarda bağırsaq pozğunluqları, ishal, nəcisdə xeyli miqdarda seliyin olması, sinir sistemi tərəfindən (hətta bəzən özündəngetmə və qıcolma tutmaları baş verməklə) müxtəlif pozğunluqlar da rast gələ bilər. Lentşəkilli cırtdan qurdun ömrü bir aydan artıq deyil. Ancaq təkrar özünü yoluxdurmalar baş verdiyi xəstəlik illərlə davam edə bilər.

Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində dəqiqləşə bilər. Sanitar gigiyenik qaydalara əməl edildiyi halda, aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnə bilər.

Lentşəkilli balqabaq qurdu

Bu qurdun uzunluğu 20-70 sm-ədək çata bilər. O, itlərin adi parazitidir.

Xəstəliyə yoluxmuş uşaqlarda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, baş ağrısı, ümumi zəiflik müşahidə edilir. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnir.

Xəstəliyin profilaktikası itlərlə ünsiyyətdə olarkən tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir.

Lentşəkilli pişik qurdu

Bu helmint qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə parazitlik edərək, insan orqanizmində 20-40 il müddətində yaşaya bilir. Yoluxma çiy, buzlu, az duzlanmış balıqla qidalanma nəticəsində baş verir.

Lentşəkilli pişik qurdu həzm üzvlərinin funksiyasını pozur, qaraciyəri zədələyir. Xəstədə qarınüstü, sağ qabırğaaltında ağrılar olur, ürəkbulanma, qusma, başgicəllənmə, zəiflik, iştahanın azalması, qaraciyərin böyüməsi baş verir. Yoluxmuş uşaq öz yaşıdlarından fiziki inkişafına görə geri qalmağa başlayır.

Diaqnoz nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Müalicə yalnız bu sahə üzrə ixtisaslaşmış həkim tərəfindən aparılır. Xəstəliyin tam şəkildə müalicə edilməsi çətin olur.

Bu xəstəliyə yoluxmanın profilaktikası çiy, natamam bişmiş (və ya qızardılmış) balıqların yeyilməsindən imtina etməkdən ibarətdir.

Ctrl
Enter
Mətni seçin və Ctrl+Enter
Həmçinin oxuyun :
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
Uşaqlarda yüksək hərarət zamanı ilkin yardım tədbirləri
04 dekabr 2024
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi
29 noyabr 2024
Uşaqlarda rast gəlinən qurd xəstəlikləri
Uşaqlarda rast gəlinən qurd xəstəlikləri
27 iyul 2022
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
Baş ağrısı nədir, ilk nələr yoxlanılmalıdır?
01 avqust 2022
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
Ev şəraitində üz dərisinin effektiv şəkildə dərin təmizlənməsi
04 dekabr 2024
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
Narahatlıq yaradan sindromdan necə qurtulmalı?
06 avqust 2022
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
Hiperaktiv uşaqlar: onları necə tanımalı, onlarla necə davranmalı?
29 iyul 2022
Babasil xəstəliyi (hemorroy)
Babasil xəstəliyi (hemorroy)
28 noyabr 2024
Balıq yağı həqiqətən faydalıdırmı?
Balıq yağı həqiqətən faydalıdırmı?
22 iyul 2022
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
Dəri niyə qaşınır? Bu problemin ən çox rast gəlinən 15 səbəbi
04 dekabr 2024
“Zob”un simptomları, müalicəsi və profilaktikası
“Zob”un simptomları, müalicəsi və profilaktikası
28 noyabr 2024
Gülüşün növləri və faydaları
Gülüşün növləri və faydaları
24 iyul 2022
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
Doğuşdan sonra depressiya: buna düçar olan qadınlara necə kömək etməli?
01 oktyabr 2022
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
Əzələdaxili i̇nyeksiyanın etibarlı və təhlükəsiz i̇cra yolu İZAH - FOTO
07 dekabr 2024
Qulaq ağrılarının səbəbləri və müalicəsi
Qulaq ağrılarının səbəbləri və müalicəsi
29 iyul 2022
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
01 avqust 2022
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
Həkim: Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir - MÜSAHİBƏ
03 avqust 2022
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
Dəmir Çatışmazlığının Əlamətləri- Qan Artıran Qidalar Hansılardır?
27 iyul 2022
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
"Ürək nevrozu" nədir və hansı əlamətləri var?
27 iyul 2022
Südün inanılmaz FAYDALARI
Südün inanılmaz FAYDALARI
25 iyul 2022
Qatığın Sağlamlığa İnanılmaz Faydası
Qatığın Sağlamlığa İnanılmaz Faydası
30 iyul 2022
Böyrəklərin təbii yolla müalicəsi
Böyrəklərin təbii yolla müalicəsi
12 iyul 2022
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
Boğaz ağrısını keçirmək üçün 10 təsirli üsul
01 avqust 2022
Körpələrdə sağlam bədən inkişafı
Körpələrdə sağlam bədən inkişafı
04 dekabr 2024