Həkim: “Meymunçiçəyi əlin içini və ayaqların altını zədələyir” - MÜSAHİBƏ
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova meymunçiçəyi ilə bağlı nazirliyin rəsmi saytına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Rita xanım, bildiyiniz kimi, bəzi ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları qeydə alınıb. Ümumiyyətlə, meymunçiçəyi virusu nədir?
- Meymunçiçəyi – zoonoz virus xəstəliyidir, yəni heyvandan insana keçən infeksiya. Simptomları təbii çiçəyin kliniki təzahürləri ilə oxşardır, lakin meymunçiçəyində xəstəliyin kliniki gedişi nisbətən yüngül olur. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox” adı verilib. Virusun zoonoz ötürülməsi (heyvandan insana) xəstəliyə yoluxmuş heyvanın qanı, bioloji mayeləri və ya zədələnmiş dəri və selikli qişaları ilə bilavasitə təmas yolu ilə baş verir.
- Meymunçiçəyi ilə ənənəvi çiçək xəstəliyinin fərqi nədir?
- Meymunçiçəyinin kliniki şəkli ənənəvi çiçək xəstəli ilə (ortopoksviruslara aid olan və tamamilə ləğv olunmuş) yoluxmanın təzahürlərini xatırladır. Təbii çiçək yüksək yoluxuculuğu və yüksək ölüm faizi ilə (hadisələrin 30 faizi) fərqlənir.
Təbii çiçəyə son təbii yoluxma 1977-ci ildə baş verib.1980-cı ildə isə vaksinasiya üzrə qlobal kampaniya aparıldıqdan sonra təbii çiçək tamamilə ləğv olunub. İnək çiçəyi virusu əsasında hazırlanmış təbii çiçək vaksini ilə peyvəndləmə bütün ölkələrdə 40 il bundan əvvəl dayandırılıb.
Təbii çiçək virusuna yoluxmanın qarşısının alınması məqsədilə qlobal səviyyədə yeni vaksinlər, diaqnostika üsulları və virus əleyhinə preparatlar işlənib hazırlanır. Bütün bu hazırlıq işləri sayəsində meymunçiçəyi virusunun nəzarəti və profilaktikası üçün faydalı ola bilər.
- Meymunçiçəyinin ilkin əlamətlərinə nələr daxildir?
- İlk olaraq qeyd edim ki, dəridə səpgilərin əmələ gəlməsi bədən hərarətinin yüksəlməsindən 1-3 gün sonra başlayır. Səpgilər üzdə və ətraflarda nisbətən çox olur. 95 faizi əsasən üzdə müşahidə olunur. 75 faiz hallarda isə əlin içi və ayaqların altını zədələyir. Bundan başqa, ağızın selikli qişasında (70 faiz), cinsiyyət üzvlərində (30 faiz), konyunktivalarda (20 faiz), eləcə də gözün buynuz qişasında səpgilər əmələ gəlir.
- Virusun inkubasiya dövrü nə qədər davam edir?
- Meymunçiçəyinə yoluxma ilə simptomların başlanmasına qədər olan müddət, yəni inkubasiya dövrü 6-13 gün arasında, bəzən 21 günə qədər ola bilər. Yoluxma dövrü (müddəti 0-5 gün), yüksək hərarət, güclü baş ağrısı, limfoadenopatiya (limfa düyünlərinin böyüməsi), kürəkdə ağrılar, mialgiya (əzələ ağrısı), güclü asteniya (zəiflik). Limfoadenopatiyaya oxşar ilkin simptomları olan digər xəstəliklərlə (su çiçəyi, qızılca, təbii çiçək) müqayisədə meymunçiçəyinin patoqnomik simptomu sayılır.
- İnsanlar özlərini bu xəstəlikdən necə qorumalıdırlar?
- Qeyd edim ki, bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb. Proses ölkəmizin səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və epidemioloji vəziyyət nəzarət altındadır. Şübhəli hallar qeydə alınan təqdirdə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur.
Vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini tövsiyə edərdim. Eyni zamanda, ictimai yerlərdə dezinfeksiyaedici məhlullarından istifadə önəmlidir.
Ümid edirik ki, bütün bu qaydalara riayət etməklə biz virusun ölkəmizdə yayılmasının qarşısını alacağıq.