Qida allergiyası niyə bu qədər geniş yayılıb?
Dünyanın hər yerində uşaqların qidalara qarşı allergiyası indi heç vaxt görünmədiyi qədər çoxdur.
Biri küncüt, digəri yer fıstığı yedikdən sonra, həyatını itirən iki britaniyalı yeniyetmə allergiya ilə bağlı narahatlıqları daha da artırıb.
Avqust ayında isə Qərbi Avstraliyada altı yaşlı bir qız süd məhsullarına qarşı allergiyası səbəbi ilə ölüb.
Son illərdə allergiya artımı daha çox Qərb ölkələrində qeydə alınır. Məsələn, hazırda qida allergiyasından əziyyət çəkən uşaqların sayı Birləşmiş Krallıqda (BK) 7%, Avstraliyada 9% təşkil edir. Avropa boyu qida allergiyasına sahib olan yetkinlər üzrə göstərici isə 2 faizdir.
Allergiyaya səbəb olan qidanın bir damcısı belə həyat üçün təhlükəli reaksiyalara səbəb olur. Bu isə ailələrin qorxu və təşvişinə yol açır. Pəhriz məhdudiyyətlərinə əməl etmək insanların həm sosial, həm də ailə həyatına təsirsiz ötüşmür.
Allergiya göstəricilərinin artmasına nəyin səbəb olduğunu dəqiq deyə bilməsək də, dünyanın hər bir tərəfindən tədqiqatçılar bu fenomenlə mübarizə yolunda gərgin işləyirlər.
Allergiyaya nə səbəb olur?
Allergiya immun sisteminin ətraf mühitdə zərərsiz sayılan allergen adlı maddələr ilə mübarizəsi zamanı yaranır.
Bu günahsız maddələr hədəfə çevrilirlər və allergik reaksiyalara səbəb olurlar.
Simptomlara dərinin qızarması, qabarması və şişkinlikdən tutmuş qusma, ishal, çətinliklə nəfəsalma və anafilaktik şoka qədər bir çox əks-təsirlərlə daxildir.
Uşaqların allergik olduğu bəzi qidalara aşağıdakılardır:
Süd
Yumurta
Yer fıstığı
Ağac ləpələri (qoz, badam, şam qozu, Braziliya qozu, pekan qozu)
Küncüd
Balıq
Qabıqlı dəniz canlıları (xərçəngkimilər və mollusklar)