Lavandanin faydalari
Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı acı və xoşagəlməz olsa da, lavanda həm ətrinə, həm də dadına görə fərqli bir bitkidir. Avropada demək olar bütün dövlətlərdə plantasiyalarda becərilən lavanda o qədər gözəl görüntü yaradır ki, qonaq gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər. Bu plantasiyaların ətrafında havada çox gözəl ətir olur, gələn insanlar da sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.
Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, kiçik yaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.
Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Həmin mikroorqanizmlər saçları kəpəkləndirir, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.
Nevrozu olan insanlar üçün faydalı bir çay:
1 xörək qaşığı lavanda və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılır, 3 stəkan su tutan termosda dəmlənir və 1 xörək qaşığı bal əlavə edilir. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, həm gözəl ətri və dadı var, həm də yuxunu yaxşılaşdırır.
Maraqlıdır, lavandanın iyi nə qədər insanların xoşuna gəlsə də, kiçik həşəratlar bir o qədər ondan uzaq qaçır, ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq gənəsi kimi parazitləri bədəndən və başdan uzaqlaşdırır. Müalicə üçün lavanda dəmləməsi ilə vanna etmək, eyni zamanda lavandalı suyu otaqlara püskürtmək lazımdır.
Lavanda tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Bu səbəbdən də şəhərin parklarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsuludur.
Lavanda otunun qurusunu işlənməyən paltarların, yorğan və döşəklərin arasına qoyanda güvə onlara yaxın düşə bilmir. Evdə qripli xəstə olduqda otağa tez-tez lavandalı su püskürtmək lazımdır.